"Samsung" televizoru işlədənlərin nəzərinə! Sizi izləyirlər

"Samsung” televizorları səs məlumatları, ekran görüntüləri və istifadəçilərin izlədikləri videolar barədə məlumat toplayır.

Bu barədə kibertəhlükəsizlik üzrə tədqiqatçılar iddia irəli sürüblər.

Tədqiqatçılar 2025-ci il istehsalı olan “Samsung” televizorlarında istifadəçiyə həddindən artıq uyğunlaşdırılmış reklamlar gördükdən sonra cihazın proqram təminatını araşdırmağa başlayıb.

Araşdırma zamanı televizorun əməliyyat sistemi olan “Tizen”-də istifadəçi davranışlarını izləməyə, səsləri təhlil etməyə və ekran görüntülərini emal etməyə imkan verən kodlar aşkar edilib.

İddiaya görə, bu məlumatlar reklamların istifadəçilərin maraqlarına uyğun göstərilməsi üçün istifadə oluna bilər.

Həmçinin sistemin hansı videoların izlənildiyini, reklamların keçilib-keçilmədiyini və videoların hansı hissəyədək izlənildiyini müəyyənləşdirə bildiyini qeyd edilib.

İddiaya görə, daxili mikrofonu olmayan bəzi televizorlar səs yazmaq üçün qoşulmuş səs panelləri və ya Bluetooth cihazlarının mikrofonlarından istifadə etməyə cəhd edə bilər.

Bununla belə, açıqlanan məlumatlar hələ müstəqil şəkildə tam təsdiqlənməyib.

Aparılan sınaqlardan birində televizorun mikrofonunun cəmi beş saniyə aktivləşdiyi müşahidə olunub.

“Samsung” şirkətinin məsələ ilə bağlı rəsmi mövqeyi barədə məlumat verilməyib.