Rusiya qüvvələri Ukraynanın logistika mərkəzlərinə, enerji obyektlərinə və liman infrastrukturuna gecə ərzində zərbələr endirib. Hücumların Xarkov və Xmelnitski vilayətlərindəki elektrik yarımstansiyalarını, eləcə də Odessa vilayətindəki liman obyektlərini əhatə etdiyi bildirilir.
TASS-a istinadən, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, hücumlar Ukrayna ordusunun əməliyyatlarını dəstəkləmək üçün istifadə olunan logistika və enerji obyektlərinə, limanlara və dəniz gəmilərinə qarşı həyata keçirilib.
Məlumata əsasən, Xarkov vilayətinin Olşanı yaşayış məntəqəsində uzaq və orta mənzilli pilotsuz uçuş aparatlarının, eləcə də onların komponentlərinin saxlandığı məntəqə hədəfə alınıb.
Rusiya Müdafiə Nazirliyi həmçinin Xarkov şəhərində yerləşən PS-330 Zalyutino elektrik yarımstansiyasına zərbə endirildiyini bildirib. Qurumun iddiasına görə, bu obyekt Ukraynanın hərbi-sənaye sektorunun fəaliyyətini təmin edib.
Bundan başqa, Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində logistika infrastrukturu obyektlərinin fəaliyyətini dəstəkləyən PS-330 elektrik yarımstansiyasının da hücuma məruz qaldığı qeyd olunub.
Açıqlamada Odessa vilayətindəki Çernomorsk limanının üç körpüsündə yerləşən yükdaşıma infrastrukturuna zərbələr endirildiyi bildirilir. Rusiya tərəfinin məlumatına görə, hərbi və ikili təyinatlı yüklərin saxlanıldığı dörd anbar da hücumların hədəfi olub.
Rusiya Müdafiə Nazirliyi, həmçinin Ukrayna hərbçiləri üçün nəzərdə tutulan hərbi texnikanı Odessa limanına daşıdığı iddia edilən yük gəmisinin dənizdə vurulduğunu açıqlayıb.
Qeyd edək ki, bu məlumatlar Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır. Hədəflərin vurulması və hücumların nəticələri barədə məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.