İcra başçılarının pulu kəsilir – açıq qalan suallar, tanınmış mütəxəssislərdən izah...

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Qeyd edək ki, dövlət büdcəsindən maliyyə yardımı alan şəhər və rayonların sayının azaldılması artıq bir neçə ildir davam etdirilir. 2025-ci ildə beş rayon üçün dotasiya nəzərdə tutulduğu halda, 2026-cı ilin layihəsində bu yardım yalnız Xocavənd üçün saxlanılıb. 2027-ci il büdcə layihəsində isə heç bir şəhər və rayon üçün əvvəlcədən dotasiya müəyyən edilməyib. Əvvəlki illərdə bəzi rayonlara dotasiya ayrıldığı halda, indi heç bir şəhər və rayon üçün əvvəlcədən maliyyə yardımı nəzərdə tutulmaması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Həm sahə mütəxəssisləri, həm cəmiyyətin sadə nümayəndələri sorğulayırlar ki, verilən qərar yerli gəlirlərin artmasının, yoxsa büdcə siyasətində dəyişikliklərin nəticəsidir?

ReAl Partiyasının sədri Natiq Cəfərli qeyd edib ki, bu qərar suallar doğurur: “Bir rayonun özü-özünü dolandırması, büdcədən vəsait almaması nə deməkdir? Bu hansı hesablamalara dayanır?! Heç bir şəhərin, rayonun özünün vergi yığma sistemi yoxdursa, vergilər, rüsumlar, cərimələr mərkəzi büdcəyə daxil olursa, “filan rayon özünü maliyyələşdirir”, iddiasının maliyyə dayanıqlığı nədir?!

Tutalım, “A” rayonunda müəllimlər, həkimlər, hüquq-mühafizə, məhkəmə, fövqəladə vəziyyət və s. dövlət-hökumət qurumlarında çalışanlar var – onla mərkəzi büdcədən maaş aırlar, yaxşı, bu özünü maliyyələşdirmə deyəndə nə nəzərdə tutulur?!”

Deputat Razi Nurullayev isə Musavat.com-a deyib ki, 2027-ci ildə Azərbaycanda 67 şəhər və rayonun heç biri üçün əvvəlcədən dotasiya nəzərdə tutulmaması ilk baxışdan regionların maliyyə baxımından müstəqilliyinin artması kimi görünə bilər: “Lakin məsələnin mahiyyəti bir qədər fərqlidir. Burada əsas məqam “özünü maliyyələşdirmə” anlayışının necə başa düşülməsidir. Rayonun dövlət büdcəsindən birbaşa dotasiya almaması həmin ərazidəki bütün dövlət xərclərinin yerli gəlirlər hesabına ödənilməsi demək deyil. Yəni müəllimlərin, həkimlərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər dövlət qurumlarında çalışanların əməkhaqları müvafiq büdcə təşkilatları vasitəsilə mərkəzləşdirilmiş qaydada maliyyələşdirilir. Bu xərclər yerli büdcənin göstəricilərində bütövlükdə əks olunmur”.

Deputat vurğulayıb ki, digər tərəfdən, şəhər və rayonlar üzrə hesablanan gəlirlərin hamısı həmin ərazilərin sərəncamında qalmır: “Vergilərin və digər büdcə daxilolmalarının əhəmiyyətli hissəsi mərkəzləşdirilmiş dövlət büdcəsinə yönəldilir. Yerli gəlirlərin yerli xərcləri qarşılaması isə müəyyən edilmiş büdcə qaydaları və hesablamalar əsasında qiymətləndirilir. Ona görə də dotasiyanın aradan qaldırılmasını rayonların iqtisadi cəhətdən tam müstəqilləşməsi kimi təqdim etmək düzgün olmazdı. Əsas məsələ bu nəticənin hansı hesablamalar əsasında əldə olunması, yerli xərclərin necə müəyyənləşdirilməsi və regionlar arasında mövcud iqtisadi fərqlərin nə dərəcədə nəzərə alınmasıdır”.

Razi Nurullayev onu da qeyd edib ki, Bakı ilə iqtisadi imkanları, vergi bazası və əhalisinin gəlirləri fərqlənən rayonların maliyyə vəziyyətinə eyni yanaşma ilə qiymət vermək də doğru olmaz: “Regionların real maliyyə dayanıqlığını müəyyənləşdirmək üçün onların gəlirləri ilə yanaşı, əhalinin sosial ehtiyacları, infrastruktur problemləri və dövlət xidmətlərinə olan tələbatı da nəzərə alınmalıdır. İnanıram ki, bu yanaşmanın səmərəliliyi yalnız dotasiyanın ləğvi ilə deyil, regionların iqtisadi fəallığının, sahibkarlığın və məşğulluğun artması ilə ölçülməlidir. Rayonların öz gəlir bazasının genişlənməsi müsbət haldır. Ancaq bu prosesin real nəticəsi büdcə göstəricilərindən əlavə, insanların həyat şəraitində və bölgələrin inkişafında baş verən dəyişikliklərlə qiymətləndirilməlidir”.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov da mövzu ilə bağlı Musavat.com-a danışıb. Onun fikrincə, büdcə siyasətində maliyyə intizamının və yerli gəlirlərin rolunun artırılması baxımından məntiqli yanaşmadır: “Burada vacib bir məqam var: söhbət həmin şəhər və rayonların bütün dövlət xərclərini deyil, büdcə qanunvericiliyində yerli xərclər kimi nəzərdə tutulan xərcləri öz gəlirləri hesabına ödəməsindən gedir. 2027-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, şəhər və rayonlar üzrə gəlirlərin ümumi həcmi 18 milyard 430 milyon manat, yerli xərclər isə 735,6 milyon manat proqnozlaşdırılır. Bu rəqəmlər arasındakı fərq ilk baxışdan kifayət qədər böyükdür. Lakin həmin gəlirlərin mühüm hissəsi mərkəzləşdirilmiş büdcəyə yönəldilən daxilolmalardır. Buna görə də bu məbləğlərin hamısını yerli idarəetmə orqanlarının sərəncamında olan vəsait kimi qiymətləndirmək düzgün olmazdı”.

Deputatın sözlərinə görə, təhsil, səhiyyə və digər sahələr üzrə bir sıra xərclərin mərkəzləşdirilmiş qaydada maliyyələşdirilməsi, eləcə də böyük sosial və infrastruktur layihələrinin dövlət büdcəsinin müvafiq proqramları çərçivəsində həyata keçirilməsi yerli büdcələrin xərc yükünə təsir göstərir: “Bu baxımdan, yerli xərclərin hesablanması zamanı hansı öhdəliklərin şəhər və rayonların büdcəsində, hansılarının isə mərkəzləşdirilmiş büdcədə nəzərdə tutulduğunun dəqiq müəyyən edilməsi vacibdir. Eyni zamanda, dövlət büdcəsi layihəsinin 10-cu maddəsində yerli gəlirlər xərcləri qarşılamadığı halda, müəyyən edilmiş şərtlərlə həmin xərclərin 10 faizindən çox olmayan həcmdə dövlət büdcəsindən vəsait ayrılması imkanı saxlanılır. Bu da gözlənilməz maliyyə çətinliklərinin yaranması halında müəyyən təminat mexanizminin mövcud olduğunu göstərir. 67 şəhər və rayonun yerli xərclərini öz gəlirləri hesabına qarşılaması yanaşmasını yalnız büdcə vəsaitlərinin bölgüsü kimi deyil, həm də yerli gəlirlərin artırılması və maliyyə məsuliyyətinin gücləndirilməsi istiqamətində addım kimi qiymətləndirilməlidir. Bununla belə, əsas meyarımız ondan ibarət olmalıdır ki, maliyyə müstəqilliyinin genişləndirilməsi əhaliyə göstərilən xidmətlərin keyfiyyətinə və əlçatanlığına mənfi təsir göstərməsin. Yəni məqsəd sadəcə rayonlara ayrılan dotasiyanı aradan qaldırmaq deyil, hər bir ərazinin öz gəlir potensialından daha səmərəli istifadə etməsini təmin etməkdir”.