"Bəzən cəmiyyətin müxtəlif təbəqələri arasında sektorlararası əməkdaşlığın çatışmadığını görürük"

“Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Tarixən müxtəlif dinlərin nümayəndələri və fərqli etnik qruplar burada özlərini azad hiss ediblər. Ölkə müxtəlif azlıqlar üçün təhlükəsiz məkan olub”.

Bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd etdi.

“Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb: multikulturalizm və tolerantlıq ölkəmiz üçün yalnız dövlət siyasəti deyil, həm də azərbaycanlıların tarixən və ənənəvi olaraq formalaşmış həyat tərzidir.

Münaqişədən çıxmış bir ölkə kimi Azərbaycan azad edilmiş ərazilərin bərpası, o cümlədən həmin ərazilərdə dağıdılmış mədəni irsin yenidən qurulması istiqamətində öz təcrübəsini bölüşməyə hazırdır”, - deyə o bildirdi.

Nazir müavininin sözlərinə görə, forum çərçivəsində panellərdən biri münaqişədən zərər çəkmiş ərazilərdə maddi və qeyri-maddi mədəni irsin qorunması, bərpası və yenidən qurulması sahəsində Azərbaycanın təcrübəsinə həsr olunacaq:

“Biz bu təcrübəni dünya ilə bölüşmək və beynəlxalq tərəfdaşlarımızın bu yanaşmanı dəstəkləməsini istəyirik. Məqsədimiz digər münaqişələrdən zərər çəkmiş və ya münaqişə yaşamış ərazilərin də bu təcrübədən faydalanmasına imkan yaratmaqdır.

Forumun məqsədlərinə gəlincə, ümumilikdə altı əsas istiqamət müəyyənləşdirilib. Onlardan ən mühümü müxtəlif sektorlar arasında tərəfdaşlığın gücləndirilməsidir. Bəzən cəmiyyətin müxtəlif təbəqələri və qərar qəbul edən şəxslər arasında sektorlararası əməkdaşlığın çatışmadığını görürük.

Gələcək nəsillərin imkanlarının genişləndirilməsi də forumun əsas məqsədlərindən biridir”.