Səfir: Niderlandın ticarət elçisi 2027-ci ildə Azərbaycana səfər edə bilər

Niderlandın ticarət elçisi Mark Hasseların (Marc Hasselaar) 2027-ci ilin birinci yarısında Bakıya səfər imkanı nəzərdən keçirilir.

Bu barədə müsahibəsində Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq bildirib.

Səfirin sözlərinə görə, hazırda Niderland Azərbaycan tərəfi ilə bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün ən səmərəli addımları müzakirə edir:

"Niderlandın ticarət elçisi Mark Hasseların (Marc Hasselaar) 2027-ci ilin birinci yarısında Bakıya səfər imkanı nəzərdən keçirilir. Ola bilsin ki, onun səfəri Azərbaycandakı böyük tədbirlərdən birinə, məsələn, Niderlandın ənənəvi olaraq iştirak etdiyi "Caspian Agro" sərgisinə təsadüf etsin. Bununla yanaşı, biz digər imkanları da nəzərdən keçirməyə hazırıq.

Biz həmçinin "Caspian Agro" sərgisində yenidən Niderland pavilyonunu təşkil etməyə ümid edirik - bu, hətta ötənilkindən daha irimiqyaslı pavilyon ola bilər. Hər bir halda, əminəm ki, sərgidə Niderland şirkətlərinin geniş tərkibli nümayəndə heyəti iştirak edəcək".

Marian de Yonq xatırladıb ki, bu ilin may ayında Haaqada Niderland-Azərbaycan Ticarət Palatası yaradılıb və Niderland tərəfi ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı üçün onun potensialından istifadə etməkdə maraqlıdır.

"Biz bu yaxınlarda yaradılmış Niderland-Azərbaycan Ticarət Palatasının fəaliyyətini daha da aktivləşdirmək istərdik. Ticarət Palatası bu ilin may ayında Haaqada fəaliyyətə başlayıb. Biz ona Bakıda fəliyyət göstərmək və ikitərəfli əməkdaşlıqda daha fəal iştirak etmək üçün imkanlar yaratmaq niyyətindəyik. Əminik ki, bu, ölkələrimiz arasında münasibətləri möhkəmləndirməyə və konkret nəticələr əldə etməyə kömək edəcək", - səfir əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.