Azərbaycanda kənd təsərrüfatı əkinlərinə verilən mineral gübrələrin miqdarı 2025-ci ildə kəskin artıb. Gübrələnən əkin sahələrinin payında ciddi dəyişiklik baş verməsə də, hər hektara düşən gübrə miqdarı təxminən iki dəfə yüksəlib.
Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ildə ölkədə kənd təsərrüfatı əkinlərinə 100 faiz qidalı maddə hesabı ilə 195,9 min ton mineral gübrə verilib. Bu, əvvəlki ildəki 103 min tonla müqayisədə 92,9 min ton və ya 90,2 faiz çoxdur. Hər hektara düşən gübrə miqdarı isə 55 kiloqramdan 109 kiloqrama çatıb.
Ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə göstəricilərdə də əhəmiyyətli artım qeydə alınıb. Taxıl əkinlərində hər hektara verilən mineral gübrənin miqdarı 63 kiloqramdan 133 kiloqrama, pambıq sahələrində 92 kiloqramdan 170 kiloqrama yüksəlib. Kartof əkinlərində bu göstərici 76 kiloqramdan 134 kiloqrama, meyvə bağlarında isə 61 kiloqramdan 122 kiloqrama çatıb.
Eyni dövrdə gübrələnmiş sahələrin ümumi əkin sahələrində payı cəmi bir faiz bəndi artaraq 72 faiz olub. Bu isə mineral gübrə istifadəsindəki kəskin yüksəlişin əsasən gübrələnən sahələrin genişlənməsi ilə deyil, həmin sahələrə tətbiq olunan qidalı maddələrin miqdarının artırılması ilə bağlı olduğunu göstərir.