40 yaşdan sonra fiziki aktivliyi azaltmaq uzunömürlülüyə mane olan əsas səhvlərdən biri ola bilər.
Bu barədə həkim və dietoloq Maqda Karlas “Men’s Health” nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, insanlar yaşlandıqca daha az hərəkət etməyə meyilli olurlar. Halbuki 40 yaşdan sonra fiziki aktivliyə daha çox diqqət yetirmək lazımdır.
Karlas qeyd edib ki, gənc yaşlarda gündə 4 min addım atmaq bəzi insanlar üçün kifayət edə bilər. Lakin yaş artdıqca hərəkətin miqdarını artırmaq vacibdir.
Həkimin fikrincə, 35-40 yaşa qədər fiziki aktivliyə kifayət qədər diqqət yetirməmək müəyyən hallarda ciddi nəticələr yaratmaya bilər. Ancaq bu yaş həddindən sonra müntəzəm hərəkət sağlamlığın qorunmasında daha mühüm rol oynayır.
Qeyd edək ki, fiziki aktivlik sağlam həyat tərzinin vacib hissəsidir. Bununla belə, gündəlik addım sayı insanın sağlamlıq vəziyyətindən, yaşından və fiziki imkanlarından asılı olaraq dəyişə bilər. Uzunömürlülük üçün təkcə hərəkət deyil, balanslı qidalanma, normal çəkinin qorunması və keyfiyyətli yuxu da əhəmiyyətlidir.