Neft daşımasında böhran

ABŞ-dən Çinə 2 milyon barel xam neft daşıyan supertankerin icarə haqqı 80 milyon dollara qədər yüksəlib.

Son günlərdə icarə haqqı 60 milyon dollar ətrafında dəyişir. Bildirilir ki, qlobal enerji ticarətində daşınma xərclərinin kəskin artması neft bazarında yeni çətinliklər yaradıb. Buna Yaxın Şərqdəki müharibə və Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin dəniz nəqliyyatına təsiri səbəb olub. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Fars körfəzindən Asiyaya böyük tankerlərlə neft daşıma xərci bir barel üçün 37 dolları ötüb. Bu, müharibədən əvvəlki göstəricidən beş dəfədən çoxdur. Yüksək icarə haqları və uzanan səfərlər tanker çatışmazlığını daha da gücləndirərək digər neft məhsullarının daşınmasına da təsir göstərir. Artan xərclər Asiya neft emalı zavodlarını ABŞ əvəzinə Yaxın Şərq və Latın Amerikasından alternativ tədarük mənbələri axtarmağa sövq edir.

Məlumata görə, Asiya şirkətlərinin noyabrda çatdırılacaq ABŞ neftinə sifarişləri sentyabr ayı ilə müqayisədə təxminən yarıbayarı azalıb.