"TikTok"da sürücülük təlimi adı ilə pul alan şəxs 1 ay həbs edildi

Bakıda sosial şəbəkələr vasitəsilə sürücülük təlimi keçmək adı ilə iki nəfərdən pul alan şəxs inzibati qaydada həbs edilib.

2001-ci il təvəllüdlü Bakı sakini "TikTok" vasitəsilə özünü Ramil adı ilə təqdim edərək sürücülük dərsləri təklif edib. O, iki nəfərdən ümumilikdə 260 manat pul alıb, lakin təlimləri davam etdirməyib və vəsaiti geri qaytarmayıb.

Zərərçəkənlərdən biri təlim üçün 100 manat ödədiyini, cəmi 10 dəqiqə dərs keçdikdən sonra növbəti məşğələlərin baş tutmadığını bildirib. O, dəfələrlə əlaqə saxlamağa çalışsa da, qarşı tərəf zənglərinə cavab verməyib və pulunu geri qaytarmaqdan imtina edib.

Digər zərərçəkənin sözlərinə görə, oğlu sürücülük təlimi üçün 160 manat ödəyib. Lakin cəmi bir dərsdən sonra təlimlər dayandırılıb. Pulun geri qaytarılmasını tələb etdikdə isə təlimçi onu təhqir edib.

Məhkəmədə təqsirləndirilən şəxs əməlini etiraf edib və zərərçəkənlərdən birini təhqir etdiyinə görə peşman olduğunu bildirib. O, pulu qaytarmağa hazır olduğunu desə də, zərərçəkənlər onunla barışmadıqlarını və cəzalandırılmasını istədiklərini vurğulayıblar.

Məlum olub ki, həmin şəxs 2024-cü ildə də dələduzluğa görə məhkum edilib. Məhkəmə onun əvvəlki məhkumluğunu, iki ayrı epizod üzrə inzibati məsuliyyətə cəlb edilməsini və əməlindən peşman olmasını nəzərə alıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 1 ay müddətinə inzibati həbs edilib. (Qaynarinfo)