Bakıda “Ceyhun Sabunçu” ləqəbli şəxsin qətlə yetirilməsi ilə bağlı saxlanılan iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
2002-ci il təvəllüdlü Emin Rəhimov və 1993-cü il təvəllüdlü Elmar Cəfərov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Xətai rayonunda yerləşən restoranlardan birində baş verən qətllə bağlı onların barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, daha əvvəl hadisə ilə əlaqədar kriminal şəbəkənin digər 11 üzvü də saxlanılıb. İstintaq materiallarına əsasən, həmin şəxslərin hədə-qorxu ilə pul tələb etmək, eləcə də odlu və soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədilə cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilindikləri bildirilir.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Bakıda, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin qətlə yetirilməsi ilə bağlı saxlanılan daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib.
Məhkəmənin qərarı ilə Emin Rəhimov və Elmar Cəfərov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Həbsdə saxlanma müddətinin başlanğıcı 24 oktyabr 2026-cı il tarixindən hesablanıb.
***
Bakının Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranda oktyabrın 23-də baş verən insident nəticəsində törədilən qətldə ittiham olunaraq saxlanılan iki nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.
Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi rayon məhkəməsində baxılacaq.
Hadisə oktyabrın 23-də gecə Xətai rayonu, General Şıxlıniski küçəsində yerləşən keçmiş "Ab-hava" restoranında baş verib. 43 yaşlı Ceyhun Mirağayev bıçaqlanaraq qətlə yetirilib.
Qətli törətməkdə ittiham olunan Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu saxlanılıb.
Bundan başaqa, restoranda baş verən kütləvi insidentə görə daha 11 nəfər tutulub.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə,İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.
Xatırladaq ki, saxlanılan şəxslərdən biri Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur.
Qeyd olunan şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə, mütəmadi qanunsuz fəaliyyətlə məşğul olduqları, kriminal araşdırmalar aparmaqla hədə-qorxu ilə pul tələb edilməsi, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq üçün odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları, eləcə də onun fəaliyyətində iştirak etdikləri müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə bütün halların, saxlanılanların hər birinin cinayətdə iştirakının, cinayətkar birliyin fəaliyyət istiqamətləri və əlaqələrinin müəyyən edilməsi məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.