ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) "OpenAI" şirkətinin keçmiş mühəndisi Əbdül Rəhman əl-Fauzanın şirkətə məxsus məxfi məlumatları Səudiyyə Ərəbistanı hökumətinə ötürmək məqsədilə ələ keçirmiş ola biləcəyi ehtimalını araşdırır.
Bu barədə "The Wall Street Journal" hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, müstəntiqlər 35 yaşlı əl-Fauzanın Səudiyyə Ərəbistanı hökumətindən birbaşa göstəriş almasa belə, şirkətin məlumatlarını sonradan həmin ölkənin hakimiyyət orqanlarına ötürmək məqsədilə ələ keçirmiş ola biləcəyi versiyasını araşdırırlar.
ABŞ-də yaşayış icazəsi olan Səudiyyə Ərəbistanı vətəndaşı daha əvvəl "OpenAI" şirkətinin ofisində danışıqları qanunsuz qeydə almaqda ittiham olunub. İstintaqın versiyasına görə, o, şirkət rəhbərliyinin əsasən istifadə etdiyi konfrans zalında divardakı televizorun arxasında mikrofonu olan kiçik bir cihaz gizlədib. Mövcud ittiham üzrə onu beş ilədək həbs cəzası gözləyir.
Prokurorluq əl-Fauzanın 2025-2026-cı illərdə Səudiyyə Ərəbistanı kral ailəsinin adı açıqlanmayan nümayəndəsi ilə "WhatsApp" vasitəsilə tez-tez əlaqə saxladığını da müəyyən edib.
Bundan əlavə, əl-Fauzan saxlanılmasından az əvvəl özü, həyat yoldaşı və üç aylıq oğlu üçün San-Fransiskodan Səudiyyə Ərəbistanına aviabiletlər alıb.