Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Klub Kuboku sona çatıb.
Kişi şahmatçıların yarışında təmsilçimiz aktivində 10 xalı olan “Vüqar Həşimov” komandası 10-cu yerdə qərarlaşıb. Qadın şahmatçıların turnirində hərəyə 10 xalı olan Serbiyanın “Sirmium Sremska Mitrovitsa” və ölkəmizin “Odlar Yurdu” klubu 3-4-cü yerləri bölüşüb. “Odlar Yurdu” əlavə göstəricilərə görə 4-cü olub.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Baegan Pendik” klubu Avropa Klub Kubokunun qalibi olub.
Qeyd edək ki, “Vüqar Həşimov” klubunun heyətində mübarizə aparan Aydın Süleymanlı şəxsi nəticələrə görə birinci lövhədə bürünc medal qazanıb. “Odlar Yurdu”nda çıxış edən Gülnar Məmmədova isə dördüncü lövhədə qızıl medala layiq görülüb.