ABŞ rəsmiləri Rusiyanı kommersiya peykini hədəf almaqda açıq ittiham edərək, bunu "qəsdən atılmış məsuliyyətsiz addım" adlandırıblar. Sözügedən peyk Finlandiya şirkətinə məxsusdur və Ukrayna başda olmaqla bir çox ölkəyə kəşfiyyat məlumatları ilə peyk görüntüləri ötürür.
Oktyabrın 21-də BMT-də keçirilən müzakirələr zamanı Rusiya bu iddiaları "absurd" adlandırıb və Vaşinqtonun özünü "kosmosda aqressiv hərbi ambisiyalar" güdməkdə günahlandırıb.
İki peyk arasındakı məsafə 200 metrə qədər azalıb
Bir neçə gün əvvəl Rusiyanın "Kosmos-2612" hərbi peyki ABŞ-də qeydiyyatdan keçən və Finlandiyanın "ICEYE" şirkəti tərəfindən idarə olunan "ICEYE-X36" peykinə təhlükəli dərəcədə yaxınlaşıb.
Rusiya peykinin orbitdə "ICEYE-X36"nın lap yanından keçməsi nəticəsində aradakı məsafənin 200 metrə qədər azaldığı təxmin edilir. Kosmik sahə üzrə mütəxəssislər və həvəskar müşahidəçilər bunun olduqca qeyri-adi bir hadisə olduğunu bildirirlər.
"LeoLabs" aerokosmik kəşfiyyat şirkətinin AzadlıqRadiosuna verdiyi açıqlamaya görə, bu, sadəcə təsadüfi bir yaxınlaşma və ya yanından ötüb-keçmə olmayıb; peykin hərəkətləri mürəkkəb yaxın məsafəli manevr əməliyyatlarına tam uyğun gəlir.
"ICEYE-X36" peyki hətta buludlu havalarda belə Yer səthinin dəqiq görüntülərini çəkə bilən radar texnologiyası ilə təchiz olunub. Finlandiya şirkəti hələ yanvar ayında Ukrayna Müdafiə Nazirliyi ilə kəşfiyyat məlumatlarının ötürülməsinə dair müqavilə bağlamışdı.
ABŞ rəsmisi Brayan Hardesti BMT-də bildirib ki, Rusiya peyki kommersiya peykinə bilərəkdən yaxınlaşaraq təhlükə yaradıb. O, kosmosda hərbi hücumu xatırladan bu gedişi "məsuliyyətsiz bir hərəkət" adlandırıb.
ABŞ-nin etirafı
Rusiya tərəfi bu ittihamlara birbaşa cavab verməkdən yayınsa da, digər ölkələri ABŞ-nin kosmosdakı "aqressiv" hərbi planlarına qarşı biganə qalmamağa çağırıb. Rusiya rəsmisi buna sübut kimi ABŞ Hərbi Hava Qüvvələrinin naziri və bu qurumun ən yüksək mülki rəhbəri olan Troy Meynkin ötən ay verdiyi bəyanatı əsas gətirib. Meynk qatıldığı bir konfransda ABŞ-nin həqiqətən də kosmosda silahlar yerləşdirdiyini etiraf etmişdi. Onun sözlərinə görə, orbitdəki bu kosmik nəzarət silahları müttəfiq qüvvələri düşmən hücumlarından qorumaq məqsədi daşıyır.
AzadlıqRadiosunun jurnalisti Mayk Ekkel bu bəyanatın təhlükəsizlik ekspertlərini ciddi şəkildə təəccübləndirdiyini yazır. Amma bəzi müşahidəçilərə görə, bu, əslində çoxdan məlum olan bir həqiqətin sadəcə rəsmən boynuna alınmasıdır.
ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Mallori Stüartın sözlərinə görə, bu imkanların etirafı kosmosun yenicə silahlandırılması demək deyil; orbitdəki silahlanma yarışı artıq illərdir ki davam edir.