Almaniyanın “Borussiya Dortmund” klubu stadionda oyun zamanı mobil telefonlarından istifadə etməyən azarkeşləri mükafatlandırmaq üçün rəsmi tətbiqinə yeni funksiya əlavə edib.
Klub əsas sponsoru “Vodafone” ilə birgə “Fan Mode” (“Azarkeş rejimi”) adlı funksiyanı istifadəyə verib. Yenilik “Signal Iduna Park” stadionunda matçı izləyən azarkeşləri telefon ekranından uzaq durmağa və oyuna daha çox diqqət yetirməyə təşviq edir.
Funksiyadan yararlanmaq üçün azarkeşlər telefonlarında məkan xidmətlərini aktivləşdirərək stadionda olduqlarını təsdiqləməlidirlər. Rejim işə salındıqdan sonra tətbiq oyun zamanı telefona toxunulmadan keçən hər dəqiqəyə görə istifadəçiyə xal qazandırır. Fasilədə azarkeşlər telefonlarından istifadə edə bilərlər, lakin ikinci hissədə xal toplamağa davam etmək üçün funksiyanı yenidən aktivləşdirməlidirlər.
Toplanan xallar azarkeşlərə klubun imzalı formalarını və mağaza üçün hədiyyə çeklərini qazanmaq imkanı verəcək. Ən yüksək nəticə göstərən və telefon ekranını daha az aktivləşdirən azarkeşlər mükafatlar uğrunda mübarizə aparacaqlar.
Layihənin yaradılmasına səbəb olan araşdırma da diqqətçəkən nəticələr ortaya qoyub. “Vodafone”un 2023-cü ildə müntəzəm olaraq futbol matçlarına gedən 1000 nəfər arasında keçirdiyi sorğuya əsasən, iştirakçıların 63 faizi oyun zamanı mobil telefonlarından tez-tez istifadə etdiklərini bildirib. Tribunada selfi çəkilməsi, canlı yayımlar və sosial şəbəkələrdən istifadə ilə bağlı narazılığın da artdığı qeyd olunub.
Klubun baş icraçı direktoru Karsten Kramer təşəbbüsün stadion atmosferini qorumağa xidmət etdiyini bildirib. Onun sözlərinə görə, 81 mindən çox insanın birlikdə mahnı oxuması, azarkeşlik etməsi və oyunun həyəcanını yaşaması heç bir texnologiya ilə əvəz oluna bilməz.
Yeni funksiya ilk dəfə oktyabrın 24-də “Borussiya Dortmund”un “Ayntraxt Frankfurt”la qarşılaşmasında tətbiq ediləcək. Klubun planına əsasən, mükafat sistemi mövsüm ərzində bütün ev oyunlarında aktiv olacaq.