Möhtərəm cənab Prezident!
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara ünvanladığınız təbrik müraciətinizə və ölkəmizdə idmanın, paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxsləri “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Komitənin fəaliyyətinə, paralimpiyaçılarımızın nailiyyətlərinə verdiyiniz yüksək qiymət əlilliyi olan insanlara qayğınızın növbəti təcəssümüdür və paralimpiya ailəsi üçün böyük şərəf, mənəvi stimul olmaqla bizi yeni-yeni qələbələrə ruhlandırır.
Əldə etdiyimiz idman nailiyyətlərinin əsasında əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası, sağlam həyat tərzinin təşviqi, Azərbaycan paralimpiyasının inkişafı naminə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Sizin tərəfinizdən yüksək səviyyədə davam etdirilən uğurlu dövlət siyasəti dayanır.
Bu siyasətin nəticəsi olaraq əlilliyi olan insanların rifahının təminatı istiqamətində mühüm addımlar atılır. Onların inklüziv dəyərlərin geniş vüsət aldığı ölkə həyatında aktiv iştirak və potensiallarını reallaşdırmaq imkanları daim artır. Eyni zamanda, paralimpiyaçılarımız Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında parlaq qələbələrə imza atırlar. Bütün bu uğurlar dinamik tərəqqi edən, qalib ölkə və güclü idman dövləti olan Azərbaycanda paralimpiya hərəkatının da böyük inkişaf yolu keçdiyini göstərir.
Möhtərəm cənab Prezident,
Əmin edirik ki, Sizin rəhbərliyiniz və paralimpiya hərəkatına göstərdiyiniz davamlı dəstək sayəsində Azərbaycan paralimpiyaçıları möhtəşəm tarixi Zəfər qazanmış ölkənin idmançıları olaraq bundan sonra da beynəlxalq yarışlarda qələbə qazanmaq əzmi ilə mübarizə aparacaqlar.
Beynəlxalq arenalarda yeni uğurlara imza ataraq, Dövlət Bayrağımızı daim yüksəklərə qaldıracaq, xalqımıza qürur və sevinc duyğuları bəxş edəcəklər.
Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının tərəqqisi və xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayır, paralimpiya hərəkatına göstərdiyiniz yüksək diqqətə, etimada və davamlı dəstəyə görə dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmət və ehtiramla,
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin kollektivi və paralimpiyaçılar adından Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi
Azərbaycan Respublikası, Bakı şəhəri.