Dövlət İmtahan Mərkəzində (DİM) 2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarına hazırlıq çərçivəsində bir sıra fənlər üzrə imtahan proqramları müzakirə olunaraq təsdiqlənib.
Bu barədə DİM məlumat yayıb.
Məlumata görə, müzakirələr oktyabrın 19-dan 23-dək Azərbaycan dili, ingilis dili, informatika, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə keçirilən elmi-metodik seminarlarda aparılıb.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və müvafiq sahələr üzrə mütəxəssislər iştirak ediblər. DİM-in regional bölmələrindən müəllimlər də müzakirələrə onlayn qoşulublar.
Qeyd edək ki, 2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının proqramları sentyabr ayında DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.
Elmi-metodik seminarlarda proqramlar yenidən nəzərdən keçirilir, təkliflər müzakirə olunur və zəruri düzəlişlər edilir.
DİM-in məlumatına görə, 2027-ci il qəbul imtahanlarında 2026-cı ildə tətbiq olunan imtahan modelinin saxlanılması nəzərdə tutulur.