Türkiyənin Aydın vilayətində sevgilisinin evində həyat yoldaşı ilə qarşılaşan kişi onu silahla hədələməkdə şübhəli bilinərək saxlanılıb.
Xarici mediaya istinadla, hadisə İncirliova rayonunda baş verib.
Məlumata görə, Ü.S. sevgilisinin evinə gedərkən orada həyat yoldaşı ilə qarşılaşıb və aralarında mübahisə yaranıb. Arvadını silahla hədələdiyi iddia olunan kişi daha sonra sevgilisi Z.S.ni də yanına alaraq avtomobillə Efeler istiqamətinə hərəkət edib.
Hadisə barədə məlumat alan polis əməkdaşları şübhəlinin avtomobilini İzmir bulvarı yaxınlığındakı yol qovşağında saxlamağa çalışıblar. Lakin sürücü “dayan” əmrinə tabe olmayaraq qaçmağa cəhd edib.
Kişi zərərsizləşdirilərək saxlanılıb.
Silahla hədələndiyi iddia olunan qadın ərindən şikayətçi olmayıb.
Polisdəki prosedurlar başa çatdıqdan sonra Ü.S. icazəsiz silah saxlamaq və polis əməkdaşlarının vəzifələrini yerinə yetirməsinə müqavimət göstərmək ittihamları ilə Aydın Ədliyyə Sarayına aparılıb.