​Azərbaycanda yeni bank yaradılması təklif olunur

Deputatdan təklif: Aqrar sahəni inkişaf etdirmək üçün yeni bank yaradılsın

"Artıq büdcə vasitəsilə Azərbaycanın kənd təsərrüfatına 1 milyard manatdan çox vəsait yönəldilir. Amma hələlik iqtisadi artım potensialımızdan xeyri dərəcədə aşağıdadır. Yeni proqramda da 4 il ərzində 5 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur".

Bunu deputat Əli Məsimli parlamentdə "Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ayrılacaq bu vəsaitdən səmərəli istifadə edilməsinə zəmanət varmı? Ona görə də alternativ mənbələrdən istifadə eləmək olar:

"Həmin alternativ mənbələrdən biri aqrar sənaye bankının yaradılması ola bilər. Orada aşağı faizlərlə, əlverişli şərtlərlə kənd təsərrüfatını kreditləşdirmək olar. Bəs bunu hansı vəsaitin hesabına eləmək olar? Hesab edirəm ki, Azərbaycanda Dövlət Neft Fondunun kifayət qədər böyük imkanları var. Həmin Dövlət Neft Bankın ərsəyə gəlməsi üçün Fonddan ilkin kapital kimi 500 milyon manat vəsait ayrılsın. Ciddi nəzarət mexanizmi ilə aşağı faizlə kredit verməklə bu sahəni inkişaf etdirmək olar", - o qeyd edib.