Bu şəxslərin hərbi rütbədə olma müddəti AZALDILIR

Azərbaycanda magistratura, rezidentura və doktorantura təhsilini başa vuran zabitlərin hərbi rütbədə olma müddətinin bir il azaldılması təklif olunur.

Bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura və ya rezidentura səviyyəsini müvəffəqiyyətlə bitirən, eləcə də doktoranturada və ya adyunkturada təhsilini başa vuraraq müvafiq elmi dərəcə alan zabitlərin hərbi rütbədə olma müddəti bir il azaldılacaq.

Güzəşt ali təhsilin qeyd olunan səviyyələrinin hər biri üzrə bir dəfə tətbiq ediləcək.

Qanun layihəsinə əsasən, leytenant hərbi rütbəsində xidmət müddəti bəzi hərbi qulluqçular üçün iki ildən bir ilə endirilir. Belə ki, təhsil müddəti beş il olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirən hərbi qulluqçular üçün bu müddət iki il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün isə bir il müəyyən edilir. Digər müvafiq hallarda da leytenant rütbəsində olma müddəti bir il olacaq.

Layihəyə əsasən, magistratura, rezidentura və ya doktorantura (adyunktura) təhsilini müvafiq şərtlərlə başa vurmuş zabitlərə rütbədə olma müddətinin azaldılması ilə bağlı güzəşt qanun qüvvəyə minənədək həmin təhsili bitirənlərə də şamil ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq, birinci oxunuşda qəbul edilib.