Ukrayna ilə Gürcüstan suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi təsdiqləyiblər

Ukraynanın Tbilisidəki müvəqqəti işlər vəkili Dmitri Berejnı Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili ilə görüşüb.

Görüşdə tərəflər Ukrayna və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməyə hazır olduqlarını təsdiqləyiblər.

Dmitri Berejnı həmsöhbətinə Ukraynada baş verən son hadisələr, Rusiya silahlı qüvvələrinin ölkənin mülki obyektlərinə və mühüm infrastruktura raket və pilotsuz uçuş aparatları ilə hücumlarının nəticələri, eləcə də mülki əhali arasında çoxsaylı itkilər barədə məlumat verib.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və çoxtərəfli əməkdaşlığın davam etdirilməsi məsələlərini də müzakirə ediblər. Xüsusilə, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat GUAM çərçivəsində əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Giorgi Zurabaşvili Gürcüstanın strateji infrastruktur layihələrinin, xüsusilə Orta Dəhlizin inkişafı kontekstində Ukrayna üçün əhəmiyyətini qeyd edib.

Dmitri Berejnı isə beynəlxalq universal və regional təşkilatlar çərçivəsində göstərilən siyasi dəstəyə, eləcə də Ukraynaya verilən humanitar yardıma görə Gürcüstan hökumətinə təşəkkür edib. O, Gürcüstanın Ukraynanın enerji sektoruna dəstək məqsədilə zəruri humanitar yardımı davam etdirəcəyinə ümidvar olduğunu bildirib.