Nazir: Cari ilin 9 ayı ərzində Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub

Cari ilin 9 ayı ərzində Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 23-də Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə mətbuat üçün brifinqdə deyib.

Nazir bildirib ki, hindistanlı həmkarı ilə görüşdə iqtisadi əlaqələr də müzakirə edilib:

"Bu ilin 9 ayı ərzində ticarət dövriyyəsi 600 milyon ABŞ dolları olub. Bunu daha da artırmaq potensialı mövcuddur".

Ceyhun Bayramov həmçinin bildirib ki, Azərbaycanda 1000-dən artıq Hindistan şirkəti fəaliyyət göstərir:

"Ümumi olaraq, bu cür layihələrdə hər iki dövlət arasında qarşılıqlı maraq olduqca böyükdür. Hindistan şirkətləri tibb və əczaçılıq sektorunda qlobal miqyasda aparıcı istehsalçılar arasında yer alır. Azərbaycanda da tibb və dərman avadanlıqları sırasında Hindistanda da istehsal olunan məhsullar mövcuddur".