Aqrar sahə ilə bağlı YENİ QANUN – Hansı dəyişikliklər olacaq?

Azərbaycanda aqrar sahənin inkişafı və dövlət dəstəyinin hüquqi əsaslarının müəyyən edilməsi məqsədilə “Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb.

Bizim.Media xəbər evrir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

7 fəsil və 28 maddədən ibarət olan layihə aqrar sahənin, ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsini nəzərdə tutur.

Sənəddə aqrar məhsulların istehsalı və ilkin emalı üçün zəruri şəraitin yaradılması, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə məsələləri əksini tapıb.

Qanun layihəsi qəbul ediləcəyi təqdirdə “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv ediləcək. Digər sahəvi qanunlar isə qüvvədə qalacaq və yeni qanunla əlaqələndiriləcək.

Bundan əlavə, Azərbaycanda bir sıra qanunlar "Aqrar sahə haqqında" qanun layihəsinə uyğunlaşdırılacaq.

Milli Məclisin bugünkü iclasında Mülki Məcəllə, "Kredit ittifaqları haqqında", "Büdcə sistemi haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə görə, "Büdcə sistemi haqqında" qanuna "aqrar subsidiya" anlayışı daxil edilir, Mülki Məcəllədə isə "kənd təsərrüfatı kooperativi" anlayışı "aqrar kooperativ" anlayışı ilə, "kənd təsərrüfatı məhsulları" anlayışı "aqrar məhsullar" anlayışı ilə əvəz edilir.

Həmçinin, "Fitosanitar nəzarəti haqqında" qanunun "fitosanitar xidməti" ilə bağlı bir sıra müddəaları, o cümlədən müvafiq anlayış və fəsil ləğv edilir. "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunda isə bir sıra terminoloji dəyişikliklər edilir.

Hər iki qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media