Niderland millisinin keçmiş yarımmüdafiəçisi Edqar Davids sanksiyalara məruz qalan Rusiya bukmeker şirkəti “Winline”ın səfiri olub.
Bu barədə təşkilatın sosial media hesabında məlumat verilib.
O, şirkətin “Fərq yarat” adlı reklam kampaniyasında rol alıb.
Keçmiş futbolçu ilə yanaşı, çəkilişlərdə Rusiyadan olan digər “Winline” səfirləri də iştirak ediblər: “Mayami Hit” basketbolçusu Vlad Qoldin, strimer Slava Buster, rəssam İSEQERGERT, snoubordçu Vlad Hadarin və fristayl baykeri Konstantin Andreyev.
Qeyd etmək lazımdır ki, 2023-cü ildə Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya ilə əlaqəsi olan rusiyalı bukmekerlərə qarşı sanksiyalar tətbiq edən qərarını qəbul etdi. “Winline” qadağan olunmuş şirkətlər arasındadır.
Edqar Davids Niderland millisində 74 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Klub səviyyəsində o, “Ayaks”, “Milan”, “Yuventus”, “Barselona”, “İnter”, “Tottenhem”, “Kristal Pelas” və “Barnet” kimi komandalarda oynayıb.
Xatırladaq ki, Andrea Pirlo Rusiyanın “Fonbet” bukmeker şirkəti ilə əlaqələri səbəbindən bu yay İtaliya millisinə rəhbərlik edə bilməmişdi.