Dövlət müəssisələrində bu qayda dəyişdirilir

Dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslərin həyata keçirdiyi bəzi satınalmalar xüsusi qaydalarla tənzimlənəcək.

Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun idarəetməsinə verilən dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin, eləcə də onların təsisçisi və ya iştirakçısı olduqları hüquqi şəxslərin müəyyən maliyyə mənbələri hesabına həyata keçirdikləri satınalmalara xüsusi qaydalar tətbiq ediləcək. Söhbət dövlət büdcəsi vəsaitləri, subsidiyalar, dövlət zəmanətli kreditlər və fondların vəsaitləri istisna olmaqla, digər maliyyə vəsaitləri hesabına alınan mal, iş və xidmətlərdən gedir.

Qanun layihəsi ilə həmin satınalmaların həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənməsinin hüquqi əsasının yaradılması nəzərdə tutulurb. Həmçinin bu satınalmalar üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Dəyişikliyin dövlət mülkiyyətində olan müəssisə və hüquqi şəxslərin təsərrüfat fəaliyyətində çevikliyin artırılmasına, büdcədənkənar və daxili maliyyə mənbələri hesabına aparılan satınalmaların tənzimlənməsində hüquqi müəyyənliyin təmin edilməsinə xidmət edəcəyi bildirilib. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.