Zadi Smit, Marqaret Etvud və İan Maküen oxuculara qeyri-adi təklif

Dünyaca məşhur yazıçılar Zadi Smit, Marqaret Etvud və İan Maküen növbəti romanlarında yaradacaqları personajların adını oxuculara seçdirmək imkanı verəcəklər.

Iştirakçılar bu hüququ xeyriyyə hərracında əldə edə bilərlər.

Toplanan vəsait işgəncədən sağ çıxmış insanlara dəstək göstərən “Freedom from Torture” təşkilatına yönəldiləcək.

Aksiya Londonda keçiriləcək ədəbi festivalın proqramına daxildir. Tədbirdə 75-dən çox yazıçı, şair, rəssam və illüstrator iştirak edir.

Hərracın digər təklifləri arasında məşhur illüstrator Kventin Bleykin orijinal əsərləri, Uilyam Bleykin illüstrasiyaları ilə nadir kitab və yazıçı ilə kitab klubu görüşü də var. Beləliklə, oxucu sadəcə kitab almaqla kifayətlənməyəcək, sevdiyi müəllifin gələcək əsərində kiçik də olsa iz buraxmaq şansı qazanacaq.