Rusiyada inflyasiya riski səbəbindən Mərkəzi Bank faiz endirimini dayandırdı

Rusiya Bankı əsas faiz dərəcəsini dəyişməyərək illik 14% səviyyəsində saxlayıb. Bununla da tənzimləyici ardıcıl ikinci iclasında pul-kredit siyasətini yumşaltmaqdan imtina edib.

Bu barədə Rusiya Bankının oktyabrın 23-də keçirilən Direktorlar Şurasının iclasından sonra yayımladığı qərarda bildirilir.

Qərar bazar gözləntilərinə uyğun olub. Böyük Britaniyanın beynəlxalq xəbər agentliyi “Reuters”in sorğusunda iştirak edən 20 analitikin hamısı faiz dərəcəsinin 14% səviyyəsində saxlanılacağını proqnozlaşdırmışdı.

Mərkəzi Bank bildirib ki, Rusiya iqtisadiyyatında qiymət təzyiqləri yüksək olaraq qalır, əhali və biznesin inflyasiya gözləntiləri isə hələ də yüksək səviyyədədir.

Tənzimləyicinin hesablamalarına əsasən, dayanıqlı qiymət artımı illik ifadədə 5–6% intervalındadır. Bu, ilk növbədə iqtisadiyyatın bəzi sahələrində istehsal güclərinin müvəqqəti azalması ilə əlaqələndirilir.

Mərkəzi Bank 2026-cı il üzrə inflyasiya proqnozunu da yüksəldib. Əvvəlki 6–7%-lik gözlənti 7,1–7,6%-ə qaldırılıb. Oktyabrın 19-na olan qiymətləndirməyə əsasən, Rusiyada illik inflyasiya 6,8% təşkil edib.

Üçüncü rübdə mövsümi amillər nəzərə alınmaqla qiymətlərin artım tempi illik ifadədə 8%-ə yüksəlib. İkinci rübdə bu göstərici 4,8% idi. Qiymət artımına xüsusilə yanacağın bahalaşması təsir göstərib.

Bununla yanaşı, Rusiya Mərkəzi Bankı 2027-ci ildə orta faiz dərəcəsinin 12,5–13,5% intervalında olacağını proqnozlaşdırır. İnflyasiyanın isə gələn il 4%-lik hədəfə qayıdacağı gözlənilir.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı 2025-ci ildə 21%-ə çatan əsas faiz dərəcəsini 2026-cı ilin iyuluna qədər mərhələli şəkildə 14%-ə endirib. Lakin inflyasiya təzyiqlərinin yenidən güclənməsi sentyabr və oktyabr iclaslarında faiz endirimlərinin dayandırılmasına səbəb olub.

Tənzimləyici növbəti qərarların inflyasiya dinamikası, inflyasiya gözləntiləri və daxili və xarici iqtisadi risklər əsasında qəbul ediləcəyini bildirib.

Rusiya Mərkəzi Bankının növbəti faiz iclası 18 dekabr 2026-cı ildə keçiriləcək.