OPEC Beynəlxalq Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Fondu İstanbulun mərkəzi hissəsini yan keçəcək yeni dəmir yolu magistralının inşası üçün 250 milyon ABŞ dolları ayırmaq barədə qərar qəbul edib.
Bu barədə "Report" Fonda istinadən xəbər verir.
Bildirilib ki, bu, institutun mövcudluğu tarixində ən böyük birdəfəlik kapital qoyuluşunu təmsil edir və həcmi 500 milyon ABŞ dollarına qədər olan ümumi təsdiqlənmiş dəstək paketinin tərkibinə daxildir.
İstanbulun Şimal Dəmir Yolu Keçidi ("Istanbul North Rail Crossing") layihəsi qitənin Asiya və Avropa hissələri arasında dəmir yolu əlaqəsindəki infrastruktur boşluğunun aradan qaldırılmasına yönəlib. Hazırda yük qatarları Marmaray tunelindən yalnız gecə saatlarında məhdud vaxt ərzində istifadə edə bilirlər. Bu səbəbdən boğazdan keçən yüklərin daşınma həcmi ildə təxminən 3 milyon tonu ötmür.
Yeni xətt bu həcmi 50 milyon tona artırmağa imkan verəcək. İkiyollu elektrikləşdirilmiş magistralın uzunluğu 127 kilometrə çatacaq. Marşrut Asiya sahilindəki Çayırovadan Avropa tərəfindəki Çatalcaya qədər uzanır və Yavuz Sultan Səlim körpüsü vasitəsilə Boğazı keçir. Xətt həm sərnişin, həm də yük daşımaları üçün nəzərdə tutulub, bundan əlavə, İstanbul və Sabiha Gökçən hava limanlarını həm bir-biri ilə, həm də ümummilli dəmir yolu şəbəkəsi ilə birləşdirəcək.
Proqnozlara görə, yük qatarlarının Çayırova ilə Çatalca arasında hərəkət müddəti hazırkı 13 saatdan 3,6 saata enəcək, iki hava limanı arasında ictimai nəqliyyatla yol isə təxminən 2 saatdan 65 dəqiqəyə qədər azalacaq. Yükdaşımalarının avtomobil yollarından elektrikləşdirilmiş dəmir yollarına yönləndirilməsi karbon emissiyalarının azaldılmasına və dünyanın ən böyük meqapolislərindən birinin nəqliyyat sistemindəki sıxlığın azaldılmasına da töhfə verəcək.
Layihənin həyata keçirilməsi Türkiyə ərazisindən keçən 3 əsas beynəlxalq nəqliyyat dəhlizini gücləndiəcək: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz), İraq üzərindən keçən "İnkişaf Yolu"nu, həmçinin ölkənin xarici ticarət dövriyyəsinin üçdə birini təşkil edən Türkiyə-Avropa İttifaqı dəhlizini. Layihənin ümumi dəyəri 8,3 milyard ABŞ dolları olaraq qiymətləndirilir. Maliyyə təminatı Dünya Bankının koordinasiyası ilə beynəlxalq institutlar konsorsiumunun hesabına formalaşdırılır.
Kreditorlar sırasına Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, eləcə də Türkiyə hökuməti daxildir.
OPEC Fondunun Prezidenti Əbdülhəmid Əlxəlifə Türkiyənin təxminən beş onillik ərzində təşkilatın əsas tərəfdaşı olaraq qaldığını vurğulayıb. "Bu rekord həcmdə maliyyələşmə əməkdaşlığımızda yeni səhifə açır və infrastrukturun inkişafına, əlaqəliliyin artırılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə və dayanıqlı iqtisadi artımın təmin olunmasına dair ortaq öhdəliyimizi əks etdirir", –o bildirib.
OPEC Fondunun Türkiyə ilə ilk kredit müqaviləsi 1979-cu ildə imzalanıb. Ötən müddət ərzində fondun nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, səhiyyə, energetika, eləcə də ərzaq təhlükəsizliyi və iqlim davamlılığı sahəsində proqramlar daxil olmaqla Türkiyə iqtisadiyyatına təsdiqlədiyi investisiyaların ümumi həcmi 850 milyon ABŞ dollarına yaxınlaşıb.