Süni intellektin bahalı üzü: “Meta”nın kredit riski rekord həddə çatıb

ABŞ-ın iri texnologiya şirkətlərinin süni intellektə milyardlarla dollarlıq investisiyaları istiqraz bazarında narahatlığı artırır. İnvestorlar xüsusilə yüksək xərclərin gələcəkdə şirkətlərin borclarını ödəmək imkanlarına təsirindən ehtiyat edirlər.

“Bloomberg” agentliyinin məlumatına görə, sosial media və süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən “Meta Platforms” şirkətinin beşillik kredit-defolt svoplarının (CDS) qiyməti oktyabrın 22-də rekord həddə yüksəlib.

Şirkətin borclarının ödənilməməsi riskindən sığortalanma xərcini əks etdirən CDS göstəricisi 119,3 baza bəndinə çatıb. Bu, həmin maliyyə alətinin aktiv ticarətə başladığı vaxtdan bəri ən yüksək səviyyədir.

Risk göstəricisinin artmasına “Meta”nın süni intellektə investisiya planlarını genişləndirməsi səbəb olub.

Şirkət 2026-cı il üzrə kapital xərcləri proqnozunun aşağı həddini 130 milyard dollardan 135 milyard dollara yüksəldib. Yuxarı hədd isə 145 milyard dollar səviyyəsində saxlanılıb.

Bundan əlavə, şirkətin gələcək dövrlər üçün icarə və digər müqavilələr üzrə öhdəliklərinin, o cümlədən şərti öhdəliklərinin ümumi məbləği təxminən 825 milyard dollara çatıb. İyul ayında bu göstərici təxminən 700 milyard dollar idi.

Bu məbləğin 355,7 milyard dolları əsasən data mərkəzləri və enerji infrastrukturu üzrə hələ qüvvəyə minməmiş icarə müqavilələrinə, 454,5 milyard dolları ləğv edilməsi mümkün olmayan digər müqavilə öhdəliklərinə, 14,7 milyard dolları isə müəyyən şərtlərdən asılı olan bulud xidmətləri alışlarına aiddir.

Öhdəliklərin böyük hissəsi süni intellekt üçün hesablama gücünün artırılması, serverlərin alınması və data mərkəzlərinin inkişafı ilə bağlıdır.

Şirkətin sərbəst pul axını da mənfi zonaya keçib. Üçüncü rübdə “Meta”nın sərbəst pul axını mənfi 2,12 milyard dollar təşkil edib. Halbuki əvvəlki rübdə 784 milyon dollar müsbət göstərici qeydə alınmışdı.

Kredit risklərinin yüksəlməsi digər texnologiya şirkətlərində də müşahidə olunur.

ABŞ-ın korporativ proqram təminatı və bulud infrastrukturu sahəsində fəaliyyət göstərən “Oracle” şirkətinin beşillik CDS göstəricisi oktyabrın 19-da 322 baza bəndinə çatıb. İlin əvvəlində bu göstərici 144 baza bəndi idi.

ABŞ-ın kosmik texnologiyalar və peyk rabitəsi sahəsində fəaliyyət göstərən “SpaceX” şirkətində isə CDS göstəricisi oktyabrın 19-u ilə başlayan həftənin əvvəlində 226 baza bəndinə yüksəlib.

İnvestorların narahatlığı süni intellekt infrastrukturuna yatırılan böyük vəsaitlərin nə qədər tez gəlir gətirəcəyi və şirkətlərin artan maliyyələşmə ehtiyaclarını necə qarşılayacağı ilə bağlıdır.

Bununla belə, CDS göstəricilərinin yüksəlməsi şirkətlərin müflisləşmək üzrə olduğu anlamına gəlmir. Bu, investorların mümkün kredit risklərindən qorunmaq üçün daha yüksək sığorta haqqı ödəməyə hazır olduqlarını göstərir.