Özbəkistan Prezidenti “Rosatom”un baş direktoru ilə görüşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiyanın Dövlət Atom Enerjisi Korporasiyasının (“Rosatom”) baş direktoru Aleksey Lixaçevi qəbul edib.

Görüşdə Özbəkistanda ilk inteqrasiya olunmuş atom elektrik stansiyasının (AES) tikintisi layihəsinin icrası, qabaqcıl texnologiyalar və biliklər əsasında müvafiq infrastrukturun inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

İlk reaktor binasının təməl işlərinin və AES-in layihələndirilməsi prosesinin ardıcıl şəkildə davam etdiyi məmnunluqla qeyd edilib.

Sahə üzrə ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Həmçinin gələcək AES-in yaxınlığında enerjiyə qənaət edən yaşayış evlərinin, müasir təhsil, səhiyyə və idman müəssisələrinin, eləcə də əhali üçün rahat sosial infrastruktura malik “atomçular şəhərciyi”nin salınması sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.