Qazaxıstan Mərkəzi Bankı faiz dərəcəsini 50 baza bəndi endirib

Qazaxıstan Milli Bankı baza faiz dərəcəsini 50 baza bəndi azaldaraq 16,25%-dən 15,75%-ə endirib.

Oktyabrın 23-də qəbul edilən bu qərar ölkədə pul-kredit siyasətinin yumşaldılması prosesinin davam etdiyini göstərir.

Qazaxıstanda illik inflyasiya sentyabr ayında 9,3%-ə enib. Avqustda bu göstərici 9,8% təşkil edirdi. Ərzaq məhsullarının illik bahalaşması 9,5%-dən 8,5%-ə, qeyri-ərzaq məhsullarında qiymət artımı isə 11,4%-dən 11%-ə düşüb.

Xatırladaq ki, Qazaxıstan Milli Bankı iyun ayında baza faizini 18%-dən 17%-ə, iyulda 16,75%-ə, sentyabrda isə 16,25%-ə endirmişdi.

Beləliklə, iyun ayından bəri faiz dərəcəsinin ümumi azaldılması 2,25 faiz bəndinə çatıb. Faizlərin endirilməsi kreditləşməni və iqtisadi fəallığı dəstəkləyə bilər. Bununla belə, inflyasiya hələ də Mərkəzi Bankın ortamüddətli 5%-lik hədəfindən yüksək olaraq qalır.