İlon Mask respublikaçılara $445 milyondan çox pul xərcləyib

Amerikalı milyarder İlon Mask ABŞ-da noyabrın 3-də keçiriləcək Konqres seçkiləri ərəfəsində Respublikaçılar Partiyasını dəstəkləmək üçün 445 milyon dollardan çox vəsait ayırıb. Bununla da o, ABŞ tarixində siyasi kampaniyalara ən böyük ianələr edən şəxslərdən birinə çevrilib.

Bu barədə ABŞ-ın “Bloomberg” agentliyi Federal Seçki Komissiyasının (FEC) açıqladığı məlumatlara istinadən bildirib.

Məlumata görə, Mask təkcə oktyabrın ilk iki həftəsində yaratdığı “America PAC” siyasi fəaliyyət komitəsinə 77 milyon dollar köçürüb. Komitə həmin müddətdə seçki kampaniyalarına 43 milyon dollar xərcləyib və hesabında 46,5 milyon dollar vəsait qalıb.

Ən böyük maliyyə dəstəyi Texas ştatında Senata keçiriləcək seçkilərə yönəldilib.

Mask sentyabr ayında respublikaçı senator namizədlərini dəstəkləyən “Senate Leadership Fund” təşkilatına 158 milyon dollar ianə edib. Bu vəsait sonradan əsasən Texasda respublikaçı namizəd Ken Pakstonun seçki kampaniyasını maliyyələşdirən “Texas PAC” təşkilatına köçürülüb.

Təşkilat sentyabrın 11-dən etibarən Texasdakı seçki mübarizəsinə 181 milyon dollar xərcləyib. Pakstonun rəqibi Demokratlar Partiyasının namizədi Ceyms Talarikodur.

Maskın “America PAC” təşkilatı Ohayo, Miçiqan, Ayova və Men ştatlarında da respublikaçı namizədləri dəstəkləyir. Bundan əlavə, təşkilat Nümayəndələr Palatasında 30-dan çox seçki dairəsində kampaniya fəaliyyəti aparır.

Seçkilərin nəticələri Maskın biznes maraqları üçün də əhəmiyyət daşıyır.

Milyarder ABŞ-ın elektrik avtomobilləri istehsalçısı “Tesla”, kosmik texnologiyalar şirkəti “SpaceX”, tunel infrastrukturu sahəsində fəaliyyət göstərən “The Boring Company” və neyrotexnologiyalar hazırlayan “Neuralink” şirkətlərinə rəhbərlik edir və ya onlarda mülkiyyət payına malikdir.

Bu şirkətlərin fəaliyyəti federal tənzimləyici qurumların nəzarəti altındadır. Demokratlar Partiyasının bəzi nümayəndələri daha əvvəl Maskın dövlət müqavilələrinin və federal hökumətdəki fəaliyyətinin araşdırılmasını tələb ediblər.

“Bloomberg”in məlumatına görə, üçüncü rübün sonunadək Respublikaçılar Partiyası və onunla əlaqəli təşkilatlar 2,1 milyard dollar vəsait toplayıblar. Demokratlar Partiyasının müvafiq qurumlarının topladığı vəsait isə 1,3 milyard dollar təşkil edib.

Qeyd edək ki, Maskın 445 milyon dollardan çox vəsait ayırması 2026-cı il seçki dövrü üzrə ianələrin ümumi həcmidir.