Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və müəssisənin mühasibi Vidadi Şirinov həbs ediliblər. Onların yarım milyon manatdan çox vəsaitin mənimsənilməsində və vəzifə cinayətlərində təqsirləndirildikləri bildirilir.

“Report”un əldə etdiyi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalar zamanı “Azəridmanservis” MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.

Məlumata görə, hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə dəymiş ziyanın yarım milyon manatdan çox olduğu qeyd olunur.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə R.Orucov və V.Şirinov barəsində həbs qətimkan tədbiri seçilib.