Bu yay Avropada müşahidə olunan güclü və uzunmüddətli istilər azı 50 min nəfərin ölümünə səbəb olub.
Bu barədə "Politico" nəşri məlumat yayıb.
İmperial Kollec və London Gigiyena və Tropik Tibb Məktəbinin alimləri Avropa İttifaqı, Böyük Britaniya, Norveç və İsveçrədə yerləşən, ümumilikdə 30 ölkə əhalisinin təxminən 40 faizinin yaşadığı 854 şəhəri araşdırıblar.
Müəyyən edilib ki, yay aylarında bu şəhərlərdə istilərlə əlaqəli 50 mindən çox ölüm qeydə alınıb. Onlardan təxminən 32 mininin iqlim dəyişikliyi ilə əlaqəli olduğu bildirilir.
Tədqiqatçılar qeyd ediblər ki, nəticələr şəhərlərdəki məlumatlara əsaslanır. Buna görə də kənd yerlərində baş verən ölümlər də nəzərə alınarsa, ümumi göstərici daha yüksək ola bilər.
Alimlərin qənaətinə görə, cari yay XXI əsrin ən ölümcül yayı olub və əvvəlki illərin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyib. Nəşrin məlumatına görə, istilərlə əlaqəli ölümlərin təxminən üçdə ikisi iqlim dəyişikliyi ilə bağlıdır. /report/