İsveç mənşəli musiqi və podkast yayımı xidmətləri göstərən “Spotify” şirkətinin səhmləri üçüncü rübün maliyyə nəticələrinin açıqlanmasından sonra 9%-dən çox bahalaşıb. Şirkətin aylıq aktiv istifadəçilərinin sayı 788 milyona, ödənişli abunəçilərinin sayı isə 306 milyona çatıb.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
2026-cı ilin üçüncü rübündə “Spotify”nin gəlirləri illik müqayisədə 16% artaraq 4,97 milyard avroya çatıb. Bununla belə, göstərici analitiklərin 4,98 milyard avroluq proqnozundan bir qədər aşağı olub.
Şirkət rüb ərzində 6 milyon yeni ödənişli abunəçi cəlb edib. Nəticədə onların ümumi sayı 306 milyona yüksəlib ki, bu da şirkətin əvvəlki proqnozunu 1 milyon nəfər üstələyir. İllik müqayisədə ödənişli abunəçilərin sayı 9%, aylıq aktiv istifadəçilərin sayı isə 11% artıb.
Reklam biznesinin nəticələri isə gözləntiləri doğrultmayıb. Bu istiqamətdən gəlirlər 10% artaraq 482 milyon avro təşkil etsə də, analitiklərin 484,8 milyon avroluq proqnozundan geri qalıb.
Şirkətin əməliyyat mənfəəti illik 15% artaraq 672 milyon avroya yüksəlib. Bununla yanaşı, xalis mənfəət əvvəlki ilin eyni dövründəki 899 milyon avrodan 518 milyon avroya düşüb.
“Spotify” 2026-cı ilin dördüncü rübündə əməliyyat mənfəətinin 820 milyon avroya yüksələcəyini gözləyir. Bu, analitiklərin 813,4 milyon avroluq proqnozundan yüksəkdir. Şirkət ilin sonuna qədər ödənişli abunəçilərin sayının 316 milyona, aylıq aktiv istifadəçilərin isə 818 milyona çatacağını proqnozlaşdırır.
Şirkət süni intellektin yaratdığı rəqabətə də hazırlaşır. ABŞ-ın süni intellekt texnologiyaları hazırlayan “OpenAI” şirkətinin “ChatGPT” platforması və sosial media texnologiyaları sahəsində fəaliyyət göstərən “Meta Platforms” şirkətinin “Muse” köməkçisi artıq “Spotify” ilə inteqrasiya olunub.
“Spotify” rəhbərliyi hesab edir ki, istifadəçilər musiqi seçmək üçün süni intellekt köməkçilərindən istifadə etsələr də, dinləmə prosesi yenə şirkətin platformasında baş tutacaq.
Şirkət eyni zamanda süni intellekt əsaslı musiqi tövsiyələrinə, fərdiləşdirilmiş pleylistlərə və bulud texnologiyalarına investisiyalarını artırır. Rəhbərlik bu yatırımların istifadəçi fəallığını və gələcək mənfəətliliyi dəstəkləyəcəyini gözləyir.