İsrail İrana zərbə üçün seçkiləri gözləyir

İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir gələn həftə Knessetə keçiriləcək seçkilərdən əvvəl İrana qarşı zərbələrin bərpasına əməliyyat zərurəti olmadığını düşünür.

Sfera.az bildirir ki, İsrailin 13-cü telekanalının məlumatına görə, Zamir hərbi rəhbərlərlə qapalı görüşdə çıxışı zamanı bu barədə danışıb.

“Seçkilərə qədər İrana zərbə endirməyin zəruri olduğuna dair heç bir əlamət görmürük. Belə bir zərbənin lazım olduğu qənaətinə gəlsək, onu endirəcəyik”, – deyə o bildirib.

Bununla belə, Baş Qərargah rəisi zərurət yaranacağı təqdirdə ordunun əməliyyat keçirməyə hazır olduğunu vurğulayıb.

“The New York Times” qəzeti ABŞ rəsmilərinə və məlumatlı mənbələrə istinadən yazıb ki, ABŞ və İsrail noyabrın 3-də Birləşmiş Ştatlarda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi zərbələri bərpa etmək üçün planlar hazırlayıb.

Məlumata görə, hər iki ölkə qısamüddətli, lakin intensiv hərbi əməliyyata hazırlaşmaq məqsədilə təlimləri intensivləşdirib. Mümkün hədəflər sırasında İranın nüvə obyektləri, enerji infrastrukturu, raket və pilotsuz uçuş aparatları arsenalı göstərilir.

“Axios” portalı isə yazıb ki, İsrail Hərbi Hava Qüvvələri bazar ertəsi İran sərhədləri yaxınlığında genişmiqyaslı güc nümayişi əməliyyatı keçirib və hava zərbələrinin endirilməsini imitasiya edib.

Portalın mənbələrinin məlumatına görə, onlarla qırıcı və yanacaqdolduran təyyarənin iştirak etdiyi uçuşların marşrutu İrana mümkün hücum ssenarisinə uyğun olub. Təyyarələr Suriya və İraqın hava məkanından keçərək İsraildən təxminən 800 kilometr məsafədə, İranın bilavasitə yaxınlığında fəaliyyət göstərib.