Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazırıq.
Bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
Rusiya liderinin sözlərinə görə, danışıqların məqsədi yekun sülhə nail olmaq, eləcə də gələcəkdə Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı razılaşmalar əldə etməkdir. O, bunun hərbi əməliyyatların dayandırılması nəticəsində deyil, yekun razılaşma formasında həyata keçirilməli olduğunu vurğulayıb:
“Biz Ukrayna ilə müharibə aparmaq istəmirik. Əgər Ukraynanın hazırkı rəhbərliyi müharibə aparmaq istəyirsə, qoy aparsın. Bəs niyə onlar hamının bunun əvəzini ödəməli və Ukraynaya silah tədarük etməli olduğunu düşünürlər? Biz indi də razılığa gəlməyə və bu ağır vəziyyətdən çıxış yolları axtarmağa hazırıq. Bu, bizə çox yaxın olan xalqdır. Son genetik araşdırmalar göstərir ki, ruslar və ukraynalılar vahid xalqdır”.
Putinin iddiasına görə, Rusiya və Ukraynanın gələcək təhlükəsizliyinin müzakirəsi Avropanın təhlükəsizlik arxitekturasının da nəzərdən keçirilməsini tələb edir:
“Düşünürəm ki, biz razılığa gələ bilərik. Biz buna hazırıq. Amma kimsə başqa cür istəyirsə, deməli, vəziyyət başqa cür olacaq. Hər bir halda qarşıya qoyduğumuz vəzifələri yerinə yetirəcəyik və “xüsusi hərbi əməliyyat”ın bütün məqsədlərinə nail olacağıq”.