Yeni Azərbaycan Partiyasının VIII Qurultayı münasibətilə Sizə bir keçmiş məcburi köçkün kimi öz adımdan səmimi təşəkkürümü bildirmək istəyirəm.
Uzun illər doğma yurdumdan ayrı düşmüş bir insan kimi torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası mənim üçün sözlə ifadə olunmayacaq qədər böyük sevinc və qürur mənbəyidir. Sizin qətiyyətli rəhbərliyiniz, siyasi iradəniz və Azərbaycan xalqının birliyi sayəsində xalqımız tarixi Zəfərə qovuşdu. Bu gün doğma torpaqlarımıza qayıdışın gerçəkləşməsi, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması hər bir keçmiş məcburi köçkün kimi məndə böyük sevinc və gələcəyə inam yaradır.
Hörmətli cənab Prezident, doğma yurd həsrəti ilə yaşamağın nə demək olduğunu yalnız bu taleyi yaşayan insanlar dərindən anlayır. İllərlə qəlbimizdə yaşatdığımız qayıdış arzusu bu gün həyata keçir. Azad edilmiş torpaqlarımızda yeni evlərin tikilməsi, şəhər və kəndlərimizin yenidən qurulması, insanların öz doğma yurdlarına dönməsi dövlətimizin gücünün və xalqımıza göstərilən diqqətin bariz nümunəsidir. Bu taıixi nailiyyətlərə və keçmiş məcburi köçkünlərin gələcəyinə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımı bildirirəm.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin gələcək inkişafı, milli birliyin möhkəmləndirilməsi və qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirirəm. İnanıram ki, həyata keçirilən siyasət Azərbaycanın daha da güclənməsinə, azad edilmiş ərazilərimizin inkişafına və Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsinə xidmət edəcəkdir.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür və dövlətimizin inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Allah xalqımızı, dövlətimizi və müstəqil Azərbaycanımızı qorusun!
Dərin hörmət və ehtiramla,
Muxtarov Sahib Kamil oğlu
Azərbaycan Respublikası, Kəlbəcər rayonu.