“Atəşgah Həyat” Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 12 milyon 911 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründəki 8 milyon 326 min manatla müqayisədə 55% çoxdur.
Hesabat dövründə şirkətin gəlirləri 113 milyon 529 min manat, xərcləri isə 97 milyon 391 min manat təşkil edib. Gəlirlərin əsas hissəsini 83 milyon 637 min manatlıq əməliyyat gəlirləri və 24 milyon 38 min manatlıq xalis sığorta ehtiyatlarının dəyişməsi təşkil edib. İnvestisiya gəlirləri 5 milyon 764 min manat, xalis investisiya mənfəəti isə 5 milyon 788 min manat olub. 2025-ci ilin eyni dövründə xalis investisiya mənfəəti 4 milyon 56 min manat təşkil edib.
“Atəşgah Həyat”ın həyat sığortası üzrə hesablanmış sığorta haqları 83 milyon 576 min manat olub. Bu məbləğin 68 milyon 196 min manatı həyatın yaşam sığortası, 5 milyon 498 min manatı həyatın ölüm halından sığortası, 8 milyon 330 min manatı isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə icbari sığorta üzrə formalaşıb. Hesablanmış sığorta ödənişləri 87 milyon 760 min manat təşkil edib. Ötən ilin eyni dövründə haqlar 81 milyon 177 min manat, ödənişlər isə 47 milyon 512 min manat olub.
Sentyabrın 30-na şirkətin investisiya portfeli 98 milyon 55 min manat təşkil edib. Portfelin 65 milyon 393 min manatı depozitlərə, 32 milyon 512 min manatı istiqrazlara, 150 min manatı isə daşınmaz əmlaka yönəldilib. Ötən ilin eyni tarixi ilə müqayisədə investisiya portfeli 7 milyon 790 min manat artıb. Şirkətin aktivləri 128 milyon 667 min manat, məcmu kapitalı 13 milyon 13 min manat olub.
“Atəşgah Həyat” Sığorta Şirkəti 1998-ci ilin martında təsis edilib, 2008-ci ilin dekabrında isə həyat sığortası üzrə fəaliyyət göstərmək üçün qeydiyyatdan keçib. Şirkətin səhmlərinin 100%-i “Ran-Exim” MMC-yə məxsusdur.