Ağ Evin keçmiş mətbuat katibi jurnalistlərin davranışından dəhşətə gəlmişdi - Tramp

Ağ Evin keçmiş mətbuat katibi Keyti Zəkəreyə bu vəzifədə cəmi beş gün çalışıb. O, ilk brifinqi zamanı jurnalistlərin davranışından dəhşətə gəlib. Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Arxadakı bütün bu insanlara baxın”, – deyə dövlət başçısı Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı qeyd edib. “Onların cəmi 6–7 faizi həqiqətən əla jurnalistlərdir. Amma onlar qışqırırdılar. Hər şey barədə məlumat almaq istəyirdilər: “Bəs bu necə? Bəs o necə?” Bu yazıq qızın (Zəkəreyənin) – ideal, gözəl bir qadının – brifinqlərin keçirildiyi zala daxil olan kimi onların ona qışqırmağa başlaması və onun dəhşətə gəlməsi təəccüblü deyil. Mən də ona dedim: “Bilirsən nə var? Dolanışığını təmin etməyin daha xoş yolları var. Bu manyaklarla işləmək istəyirsən? İstəyirsənsə, işləyə bilərsən, amma pul qazanmağın daha asan yolları da var”.

Zəkəreyə bu vəzifədə cəmi beş gün çalışaraq antirekord müəyyənləşdirib. O, bununla 2017-ci ildə ABŞ administrasiyasının keçmiş kommunikasiya direktoru Entoni Skaramuççinin müəyyən etdiyi antirekordu yeniləyib.

Tramp Zəkəreyənin Ağ Evin mətbuat katibi təyin olunduğunu oktyabrın 9-da elan edib, daha sonra isə onun oktyabrın 12-də vəzifəsinin icrasına başlayacağını bildirib.

Oktyabrın 13-də Zəkəreyə jurnalistlər üçün keçirdiyi ilk brifinqdə üç suala cavab verib. Brifinq ümumilikdə 14 dəqiqə davam edib.

MS Now telekanalının ABŞ administrasiyasındakı mənbələrə istinadən verdiyi məlumata görə, Ağ Ev yeni mətbuat katibinin ilk çıxışından o qədər narazı qalıb ki, faktiki olaraq onu işdən çıxarılacağı ilə hədələyib.

Oktyabrın 16-da Tramp Zəkəreyəyə istefa verməyi tövsiyə etdiyini bildirib. Fox News telekanalı isə Ağ Evin nümayəndəsinə istinadən canlı yayımda onun ABŞ prezidentinin mətbuat katibi vəzifəsini tərk etdiyini açıqlayıb.

Amerika KİV-lərinin məlumatına görə, Trampın noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərinədək yeni mətbuat katibi təyin etməsi ehtimalı azdır.