Dövlət başçısının bu gün imzaladığı sərəncamla Elçin Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən çıxarılıb.
Işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri 19 yanvar 2021-ci ildə təsis edilib. Əsasnaməsinə görə, Prezidentin xüsusi nümayəndəliyi işğaldan azad olunmuş ərazilərdə Prezident Administrasiyasının struktur bölməsidir. Xüsusi nümayəndəlik fəaliyyətini Prezidentin müəyyən etdiyi inzibati ərazi vahidində və ya onun hissələrində həyata keçirir və onun səlahiyyətləri həmin ərazi ilə məhdudlaşır. Nümayəndəlik müvafiq ərazidə yerləşir.
Qurumun fəaliyyət istiqamətləri bunlardır: müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək; müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək; müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək; Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.
Nümayəndəliyə Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa ona tabe olan xüsusi nümayəndə rəhbərlik edir. Xüsusi nümayəndənin Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini ola bilər. Nümayəndə, onun müavini, xüsusi nümayəndəliyin əməkdaşları Prezident Administrasiyasının əməkdaşlarıdır.
Hazırda Aydın Kərimov Şuşa rayonunda xüsusi nümayəndə, Emin Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndə, Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndə, Məsim Məmmədov Laçın rayonunda xüsusi nümayəndə, Bəşir Hacıyev Kəlbəcər rayonunda xüsusi nümayəndədir.
22 dekabr 2022-ci ildə isə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olunub. Əsasnaməsinə görə, səlahiyyətli nümayəndəlik Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən 1-ci kateqoriya dövlət orqanıdır.
Səlahiyyətli nümayəndəliyin fəaliyyət istiqamətləri belə rəsmiləşib: müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının, dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək; müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək; müvafiq ərazinin davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək; müvafiq ərazidə ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə mütəmadi hesabatlar təqdim etmək; Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.
Nümayəndəliyə Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa ona tabe olan səlahiyyətli nümayəndə rəhbərlik edir. Səlahiyyətli nümayəndənin Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini var.
Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndə postunu Ceyhun Cəlilov tutur.