Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Orxan Məmmədovun dosyesini təqdim edirik:
36 yaşlı Orxan Fərmayıl oğlu Məmmədov dövlət idarəçiliyi və hüquq sahəsində geniş təcrübəyə malik kadrlar sırasındadır.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunudur. Daha sonra Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirərək ikinci ali təhsilə yiyələnib. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantıdır.
O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Bura qədər isə o, həmin icra hakimiyyətinin başçısı Aparatının Hüquq şöbəsinin müdiri fəaliyyətini icra edib.
İdarəçilik sistemində müxtəlif məsul vəzifələrdə çalışan Orxan Məmmədov artıq Yardımlı rayonunun icra hakimiyyətinə rəhbərlik edəcək./Musavat.com/