İngiltərə kralı III Çarlz Oman sultanı Heytəm bin Tariqin şərəfinə Vindzor sarayında təşkil olunan ziyafətdə Məhəmməd peyğəmbərin Oman xalqı haqqında hədisini ərəb dilində səsləndirib.
Bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, mərasimdə Britaniya ilə Oman arasındakı 200 ildən artıq tarixə malik münasibətlər, strateji tərəfdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Kral III Çarlz çıxışında Omanın Hörmüz boğazının açıq saxlanılması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. O, ölkənin Körfəz regionunda yürütdüyü konstruktiv neytrallıq siyasətinin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini vurğulayıb.
Çarlz çıxışı zamanı Məhəmməd peyğəmbərə aid edilən hədisi ərəb dilində oxuyub: “Əgər Oman xalqının yanına getsəydin, onlar səni nə təhqir edər, nə də döyərdilər”.
Kral həmçinin iqlim dəyişikliyi və süni intellektin yaratdığı imkan və risklərdən danışıb. O, resurslara çıxış uğrunda rəqabətin beynəlxalq nizamı sınağa çəkdiyini bildirib.