Rəqəmsallaşma özəl sektorun və vətəndaşların iqtisadi fəaliyyətini sürətləndirir.
Bunu Maliyyə Nazirliyinin yanında İctimai Şuranın üzvü Əyyub Kərimli Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
Onun sözlərinə görə, rəqəmsallaşmanın həyata keçirilməsinin bir neçə əsas üstünlüyü var: "Bunlar, vaxt itkisinin aradan qaldırılması, proseslərin daha sürətlə həyata keçirilməsi, bürokratik məmur ünsiyyətini sıfra endirilməsidir ki, müəyyən mənfi halların qarşısının alınmasında ciddi təsirləri var. Digər məsələ əlbəttə burda şəffaflığın təmin edilməsi və informasiyaların əlçatanlığıdır. Vətəndaş müəyyən informasiyaları əldə etmək imkanları qazanır. Hesab edirəm bu bərabər imkanlardır, yəni böyük şəhərlərdə yaşayanlarla regionlarda yaşayanların arasında eyni imkanlar yaradılır. Daha bir məsələ sosial nəzarətin təmin olunmasıdır. Ümumilikdə rəqəmsallaşma həm özəl sektorun, həm vətəndaşların iqtisadi fəaliyyətdə, iqtisadi proseslərdə daha sürətli iştirakını təmin edir".