İlin sonunadək 2 milyondan çox dövlət əmlakı vahid elektron sistemdə qeydiyyata alınacaq - Nazirlik nümayəndəsi

Azərbaycanda ilin sonunadək 2 milyondan çox inventarın vahid elektron sistemdə qeydiyyata alınması nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Maliyyə Nazirliyinin Aparatının Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.

O bildirib ki, eyni zamanda dövlət maliyyəsinin rəqəmsallaşdırılması çərçivəsində elektron müqavilələrin, xəzinədarlıq əməliyyatlarının və dövlət aktivlərinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

"Azərbaycanda rəqəmsal dövlətin formalaşdırılması, dövlət xidmətlərinin, satınalmaların, maliyyə idarəçiliyinin və proqnozlaşdırma proseslərinin rəqəmsallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə müvafiq fərmanla Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sistemi yaradılıb və sahədə görülən işlərin əlaqələndirilməsi üçün müvafiq şura təsis edilib.

Əsas məqsəd ayrı-ayrı xidmətləri müstəqil şəkildə elektronlaşdırmaq deyil, dövlət maliyyəsi ilə bağlı xidmətləri vahid elektron platforma və ekosistem çərçivəsində birləşdirməkdir", - Nurlan Soltanov bildirib.

O qeyd edib ki, dövlət qurumlarında elektron mühasibatlıq komponentinin tətbiqinə başlanılıb. Bu proses dövlət resurslarının planlaşdırılmasını nəzərdə tutan GRP (Government Resource Planning) yanaşmasına əsaslanır. Elektron mühasibatlıq sisteminin tətbiqi ilə bağlı 260-dan çox dövlət qurumuna təlimlər keçirilib.

“İlin sonunadək 2 milyondan artıq inventarın vahid sistemdə qeydiyyata alınması nəzərdə tutulur”, - deyə o bildirib.

Şöbə müdiri əlavə edib ki, növbəti mərhələlərdə dövlət aktivlərinin vahid reyestrinin yaradılması, eləcə də büdcə proqnozlaşdırılmasında rəqəmsal alətlərin tətbiqinin genişləndirilməsi planlaşdırılır. Hədəflərdən biri büdcənin təxminən 60 faizinin elektron proqnozlaşdırma əsasında formalaşdırılmasıdır.

N.Soltanov dövlət maliyyəsinin rəqəmsallaşdırılması çərçivəsində elektron müqavilələrin və xəzinədarlıq əməliyyatlarının tətbiqində də irəliləyiş əldə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, qısa müddət ərzində minlərlə müqavilə elektron imza ilə bağlanıb, xəzinə ödənişlərinin isə eyni gün ərzində həyata keçirilməsi təmin olunub.

O bildirib ki, hazırda xəzinə ödənişlərinin icra müddəti maksimum 10 saat təşkil edir. Gələcəkdə bu müddətin iki saata qədər azaldılması hədəflənir. Bank zəmanətlərinin elektron platformaya keçirilməsi istiqamətində də işlər görülüb.

Dövlət şirkətlərinin hesabatlılığına toxunan N.Soltanov qeyd edib ki, onlar üçün yaradılmış hesabatlılıq portalı vasitəsilə minlərlə hesabat təqdim olunub. 2026-cı il üzrə dövlət şirkətlərinin büdcə və dividend proqnozlarına dair hesabatlar da formalaşdırılıb.

Onun sözlərinə görə, ilk dəfə olaraq bir sıra dövlət müəssisələri üzrə dövlət büdcəsinə dividend ödənişləri nəzərdə tutulub. Bu, dövlət şirkətlərinin maliyyə fəaliyyətinin şəffaflığının və hesabatlılığının artırılmasına xidmət edir.

Şöbə müdiri dövlət maliyyəsinin rəqəmsallaşdırılmasında digər qurumlarla inteqrasiyanın vacibliyini də vurğulayıb. Bu baxımdan Dövlət Vergi Xidmətinin tətbiq etdiyi bəyannamələrin əvvəlcədən doldurulması (prefillinq) mexanizmi, eləcə də dövlət qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi əhəmiyyətli addımlar kimi qiymətləndirilib.

O qeyd edib ki, belə həllər dövlət xidmətlərinin keyfiyyətini artırmaqla yanaşı, sahibkarların inzibati yükünü azaldır və məlumatların təkrar təqdim edilməsi zərurətini minimuma endirir.

N.Soltanov Ani ödənişlər sisteminin inkişafını da rəqəmsal transformasiyanın mühüm istiqamətlərindən biri kimi qeyd edib. Mərkəzi Bankın operatoru olduğu bu sistem ödənişlərin 24/7 rejimində, dərhal və daha az xərclə həyata keçirilməsinə imkan yaradır. Sistem vasitəsilə aparılan əməliyyatların sayında və həcmində dəfələrlə artım müşahidə olunur.

O vurğulayıb ki, növbəti mərhələdə rəqəmsal dövlət maliyyəsi sistemlərində süni intellekt həllərinin tətbiqi, analitik imkanların genişləndirilməsi və qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi prioritet olacaq.

“Əsas məqsəd ayrı-ayrı rəqəmsal xidmətlər yaratmaq deyil, məlumatların təhlükəsiz mübadiləsini təmin edən, prosesləri avtomatlaşdıran və daha səmərəli qərarların qəbuluna imkan verən vahid ekosistem formalaşdırmaqdır”, - deyə o qeyd edib.