Azərbaycanda satınalma, mühasibat uçotu, təhvil-təslim və büdcə planlaşdırılması proseslərində istifadə olunan təsnifat kodlarının vahid sistemdə birləşdirilməsi nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Maliyyə Nazirliyi Aparatının Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, hazırda dövlət maliyyəsinin müxtəlif mərhələlərində satınalma, təsnifat və mühasibat uçotu ilə bağlı ayrı-ayrı kodlardan istifadə olunur. Bu kodların Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sistemi çərçivəsində vahid mexanizmdə birləşdirilməsi nəzərdə tutulur.
“Bizim əsas məqsədimiz bu kodların hər birini Rəqəmsal Dövlət Maliyyə İnformasiya Sisteminə inteqrasiya etməkdir. Satınalma prosesinin başlanğıcında istifadə olunan kod mühasibat uçotunda, təhvil-təslim aktlarında, xəzinə əməliyyatlarında və növbəti ilin büdcəsinin hazırlanmasında da tətbiq edilməlidir”, - deyə N.Soltanov qeyd edib.
Şöbə müdiri bildirib ki, bu istiqamətdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və digər aidiyyəti qurumlarla müzakirələr aparılır. Mövcud normativ tələblər və təsnifat kodları nəzərə alınmaqla, onların rəqəmsallaşma prosesinə uyğun təkmilləşdirilməsi üzərində iş gedir.
Onun sözlərinə görə, bu yanaşma dövlət maliyyəsinin müxtəlif mərhələləri arasında əlaqəni gücləndirməyə, məlumatların ardıcıl şəkildə ötürülməsinə və proseslərin vahid mexanizm əsasında idarə olunmasına imkan verəcək.
“Bu sistemin əsas üstünlüklərindən biri ölkə üzrə vahid təsnifat kodlarına keçidin təmin olunmasıdır. Beləliklə, hazırda müxtəlif proseslərdə istifadə olunan kodlar bir-biri ilə əlaqələndiriləcək və vahid sistemdə birləşdiriləcək”, - deyə N.Soltanov vurğulayıb.