“Ötən mövsümdə seriala çəkilmədim, bunun da səbəbləri var idi”.
Bu sözləri tanınmış aktyor və şair Reşat Kəsəmənli Yenicag.az-a açıqlamasında deyib.
Aktyor “Yeni mövsümdə niyə seriallarda yoxsunuz: dəvət etmirlər, yoxsa özünüz çəkilmirsiniz?” sualını belə cavablandırıb:
“Sonuncu dəfə sıraağatgün il seriala çəkildim, əsas rollardan birini canlandırdım. Yalnız keçən mövsümdə çəkilmədim. Yəqin ki, rejissorlarımız tərəfindən mənim tipimdə aktyora ehtiyac duyulmadığı üçün təklif olmadı. Həm də ən əsası teatrda tamaşalarım var idi, işlərin çoxluğundan seriala çəkilməyə vaxt tapa bilmirdim. Tamaşalar dalbadal oldu, həm də çox çətin səhnə həlli olan quruluşlar idi. Amma bu mövsümdə yeni obrazla tamaşaçı qarşısına çıxacağam. Artıq yeni seriala dəvət almışam. Ekran işinin çəkilişlərinə də başlanılıb. Mənim çəkilişlərim də yaxın zamanlarda başlamalıdır. Tamaşaçıları qarşıda çox maraqlı bir serial gözləyir”.
Aktyor “Seriala dəvət alarkən seçim edirsinizmi?” sualını da cavablandırıb:
“Mütləq edirəm. İlk növbədə ssenariyə, təklif olunan obraza baxıram. Serialın hansı rejissor tərəfindən çəkilməsi və hansı aktyorların həmin layihədə yer alması da mənim üçün çox önəmlidir. Əgər bu kriteriyalar uyğundursa, çəkilişə razılıq verirəm”.