Ermənistan seçki keçirir…

Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

Musavat.com-a istinadla, səsvermə ölkənin 12 icmasını əhatə edir və saat 08:00-dan etibarən bütün 317 seçki məntəqəsi açılıb.

On icmada səsvermə proporsional sistemlə, daha ikisində isə majoritar sistemlə aparılır.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, proporsional sistemlə seçkilər Aştarak, Aparan, Baqramyan, Metsamor, Sevan, Spitak, Amasiya, Aşotsk, Qafan və Noyemberyan icmalarında, majoritar sistemlə seçkilər isə Araqatsotn vilayətinin Arevut və Metsadzor icmalarında keçirilir.

Yekun məlumatlara əsasən, seçici siyahılarında ümumilikdə 233 494 vətəndaş qeydiyyatdadır; ən çox seçici Aştarakda (48 860), Metsamorda (45 764) və Qafanda (29 253), ən az seçici isə Metsadzorda (73 nəfər) qeydə alınıb. Seçki məntəqələrində qeydiyyat üçün 522 texniki qurğudan istifadə olunur, seçkiləri beş müşahidə missiyası və 29 media qurumu izləyir, seçici fəallığı ilə bağlı məlumatlar isə saat 12:00-dan başlayaraq hər üç saatdan bir açıqlanır.

Həmçinin Aştarak, Aparan və Aşotskda səsvermənin alternativsiz əsasda, yalnız hakim "Vətəndaş müqaviləsi" partiyasının namizədlərinin iştirakı ilə keçirildiyi bildirilir.