"OPEC+" ölkələri neft hasilatı üzrə mövcud kvotaları 2027-ci ilin mart ayının sonuna qədər uzadacaq

"OPEC+" razılaşmasının iştirakçıları neft hasilatı üzrə qüvvədə olan kvotaların 2027-ci ilin birinci rübünün sonunadək uzadılması barədə prinsipial razılığa gəliblər.

Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Qərarın alyansın noyabrın 29-na planlaşdırılan nazirlər görüşündə təsdiqlənəcəyi gözlənilir.

Hər bir iştirakçı ölkənin neft hasilatı üzrə maksimal dayanıqlı güclərinin qiymətləndirilməsi danışıqların əsas məsələlərindən biri olaraq qalır. Bu iş 2027-ci il üçün istehsal kvotalarının müəyyən edilməsi üçün əsas olmalıdır. Noyabrda "OPEC+" müstəqil qiymətləndirmənin başa çatdığını elan edərək onu tarixi mərhələ adlandırıb. Lakin sonradan fikir ayrılıqları barədə məlumatlar ortaya çıxıb: İraq və Qazaxıstan öz hasilat güclərinin göstəricilərinə yenidən baxılmasına çalışır. Rusiya da qiymətləndirmənin dəqiqləşdirilməsi ilə bağlı danışıqlar aparır.

Hasilatla bağlı vəziyyətə xarici məhdudiyyətlər də təsir göstərir. 2026-cı ilin martından alyansın bir sıra ölkələri Hörmüz boğazı vasitəsilə neft ixracındakı fasilələrə görə müəyyən edilmiş kvotaları yerinə yetirə bilmir. Bundan əlavə, neft emalı zavodlarına hücumlar fonunda Rusiyanın hasilatı kvotalardan gündəlik 1 milyon bareldən çox geri qalır.