Eşq - Rafiq Ələkbərin sərbəst esse-poeması

Kulis.az Rafiq Ələkbərin "Eşq" adlı sərbəst esse-poemasını təqdim edir.

Eşq - bütün sözlərin kökündə eşq,

Bütün yaradılışların əvvəli eşq.

Kainat Tanrının eşqindən yaradılmışdır.

Eşqdən əvvəl yalnız Tanrı durur,

Çünki Tanrı eşqi olmasa,

heç nə yoxdan var ola bilməz.

Eşq birdir,

Eşq təkdir, həmişə sözün köküdür.

Eşq şəkilçi ola bilməz.

Bütün şəkilçilər eşqə aiddir.

Bəzən biz özümüz eşqi şəkilçi şəklinə salırıq.

Ondan sonra fəlakət başlayır.

Tanrının Kainatı eşqdən yaratdığını unuduruq.

Müharibələr nə vaxt başlayır? -

Eşq şəkilçi şəklinə düşəndə.

Quraqlılar nə vaxt yaranır? -

Eşq şəkilçi şəklinə düşəndə,

İnsanın yaratdıqları, əkdikləri

bir göz qırpımında məhv olur.

Eşq şəkilçi şəklinə düşəndə

sunamilər, qasırğalar başlayır.

Şəhərlər daşqınların altında qalır.

İnsanlar eşqi şəkilçi şəklinə salanda

Tanrı zəlzələləri göndərir.

Amma yağış eşqin kökünə aiddir.

Göydən gələn nurun əlaməti olan qar da

eşqin kökünə aiddir.

Amma dəhşətli istilər eşqin kökü ola bilməz.

Burada Tanrı cəzasının əlamətləri var.

Yəqin insanlar eşqin qanunauyğunluqlarını pozurlar.

Lakin hələ onu şəkilçi şəklinə salmırlar.

Qadına məhəbbət sevgidir, eşq ola bilməz.

Eşq göylərin təntənəsidir,

əgər sən qadına olan sevgini

eşqə doğru aparsan.

Artıq sən göylərin nəzarətindən çıxacaqsan,

çünki sən artıq sevginin sərhədlərini keçirsən.

Şəhvət hissi sevgi hissini azaldır,

insanı İlahi eşqdən uzaqlaşdırır.

Ana övladını, övlad anasını sevə bilər,

Bu, həqiqətdir ki, bütün sevgilərin mayasında

eşqin zərrəçikləri var - bütöv eşqdən qopan zərrəcik.

Lakin sevgi bütöv eşq ola bilməz.

bütövlük, tamlıq Tanrıya məxsusdur.

Mənim eşqim Tanrıya bağlılığımdır.

Tanrı eşqi mənim həyatımı şərtləndirir.

Tanrıya qovuşmaq eşqimin ən ülvi məqsədidir.

Qadın ruhu büt olmaqdan uzaq olmalıdır -

şəhvət bütündən.

Qadın-ana olanda İllahi eşqdən ona pay çatır.

Qadın gözəlliyi Tanrı hikmətidir.

Elə bütün gözəlliklər Tanrının hikmətidir.

Bu hikmətlərdə İlahi eşqin payı var.

Tanrı göy qurşağı ilə

göylərlə yerə olan eşqini tarazlaşdırır.

Biz nəyə görə uğurlara eşq olsun deyirik?

Bunun kodu Tanrınrın eşqindən

düşən payın zərrəçikləridir.

Vətəni sevmək imandandır.

Vətən eşqi də Tanrı eşqindən doğulan

ən ülvi duyğulardan biridir.

Qəm, kədərin eşqi ahdır.

Eşq hər yerdə kökdür.

Eşq həmişə təkdir, yekdir.

Sözün köküdür, şəkilçisi deyil

Gəlin eşqimizi şəkilçi şəklinə salmayaq.

Gəlin eşqimizi qoruyaq.

Biz yaradılışımızla eşqə borcluyuq,

İlahi eşqə, Tanrı eşqinə...