Ağcabədidə köhnə məktəb binasında yanğın baş verib

Ağcabədi rayonunun Minaxorlu kəndində fəaliyyət göstərməyən məktəb binasında baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində ümumi sahəsi 370 kvadratmetr olan fəaliyyət göstərməyən ikimərtəbəli məktəb binasında baş vermiş yanğının genişlənərək yaxınlıqda yerləşən və fəaliyyətdə olan digər məktəb binasına keçməsinin qarşısı alınıb və alov söndürülüb.

Hadisə nəticəsində binanın yanar konstruksiyaları yanıb, yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.